Xəbər verdiyimiz kimi , Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib.
Denmedia.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində çoxlu sayda insan xəsarət alıb.
Polis və FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində bayram tonqalında güclü partlayış səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadaları tərəfindən 5 uşaq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Eyni zamanda 4 nəfər Uşaq Xəstəxanasına, 2 nəfər isə Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Onların hər birinə tüstüdən zəhərlənmə səbəbilə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 7 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir. Hadisə yerinə dərhal Sumqayıt şəhər Polis İdarəsinin və FHN-nin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

