İsveçrənin Nestle şirkəti 12 ton — yəni 413 793 ədəd KitKat şokoladının oğurlandığını bildirib. Şirniyyatlar onları daşıyan yük maşını ilə birlikdə yoxa çıxıb. Associated Press xəbər verir ki, məhsullar İtaliyadakı zavoddan Polşaya aparılarkən itib.
Şirkət qeyd edir ki, oğurlanan KitKat məhsulları qeyri-rəsmi şəkildə satışa çıxarıla bilər.
Lakin bu halda belə onların mənşəyini ştixkod vasitəsilə izləmək mümkün olacaq. Şokoladla örtülmüş vafellərdən ibarət bütün bu məhsulların ştixkodları unikaldır. Buna görə də skan zamanı dərhal onların oğurlanmış partiyaya aid olduğu müəyyən ediləcək.
Skaner ekranında isə hadisə barədə istehsalçı şirkətə məlumat verilməsinin zəruriliyi ilə bağlı bildiriş çıxacaq.

