Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Bakıda vətəndaşın boynuna kəmər bağlayıb əzab verməkdə təqsirləndirilən Aydın Qurbanov və Turan Rufullayevin cinayət işi üzrə hökm oxunub.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hökmə əsasən, Aydın Qurbanov 5 il, Turan Rufullayev isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilənlər - Aydın Qurbanovun 9 il, Turan Rufullayev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəmişdi.
Xatırladaq ki, aparılmış istintaq zamanı müəyyən edilib ki, Aydın Qurbanov tanışı Turan Rufullayev və şəxsiyyəti istintaqla araşdırılan "Elnur" adlı şəxslə birlikdə əzab vermə cinayətinin törədilməsi barədə razılaşaraq cinayət əlaqəsinə giriblər.
Onlar razılaşmaya əsasən, 2024-cü ilin may ayının əvvəllərində "Tik-tok"da Elşən İbrahimovla "Elnur" adlı şəxs arasında mübahisə yaranıb.
Bu mübahisənin həll olunması üçün Aydın Qurbanov, tanışları "Elnur" adlı şəxs və Turan Rufullayevlə birlikdə avtomobillə Elşən İbrahimovun yaşadığı Xətai rayonu, Zığ qəsəbəsində yerləşən evin qarşısına gəlib.
Onlar Elşən İbrahimovu mübahisənin həll olunması üçün yaxınlıqda yerləşən çay evlərinin birinə getmək məqsədilə avtomobilə dəvət edib.
Elşən həmin avtomobilə əyləşib. Həmin gecə saat 02:30 radələrində Elşənin yanında arxa oturacaqda əyləşmiş Aydın Qurbanov əynində olan şalvarının kəmərini çıxararaq onun boynuna keçirib bağlayıb.
Aydın yol boyu kəmərdən tutaraq mütəmadi dartmaqla Elşəni boğaraq güclü fiziki ağrı və psixi iztirablar verməklə, qəddar, ləyaqəti alçaldan və qeyri-insani rəftar və davranışa məruz qoyub.
İttiham aktında göstərilib ki, Aydın Elşən İbrahimovun ünvanına "Qardaşlarımı və qardaşlarımın doğmalarını söyəni it kimi tutmuşam...Mənim adım Aydındır, gəncəliyəm, bax it kimi gəzdirirəm, it kimi.... hamı görsün, hamı da bu gün görəcək" sözlərini səsləndirib. Bu zaman "Elnur" adlı şəxs bunu öz mobil telefonu vasitəsi ilə "Tik-tok"da canlıda göstərərək paylaşıb.
Bundan başqa, Aydın Qurbanov və Turan Rufullayev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satmaqda da ittiham olunurlar.
Daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Aydın Qurbanov və Turan Rufullayev 24 iyun günorta radələrində saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətiriliblər.
Onlara qarşı cinayət məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) və 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

