Xəbər verdiyimiz kimi, Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri həyatını itirib.
Belə ki, bir neçə gün bundan əvvəl Hacı Zeynalabdin qəsəbəsi, Xəzri 2 yaşayış massivində yerləşən mənzildə bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri nisbətən stabilləşən uşaqlar evə buraxılmışdılar. Lakin ötən gün onların vəziyyəti yenidən pisləşdiyi üçün xəstəxanaya aparılıblar. Çox təəssüf ki, uşaqlardan ən kiçiyi – 2 yaşlı Gülcənnət Cəbrayılova çoxsaylı tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Uşaqların atası Kamil Cəbrayılov Denmedia.az-a bildirib ki, hadisədən sonra övladlarının vəziyyətini qənaətbəxş hesab etdiyi üçün onları öz istəyi ilə evə aparıb.
Onun sözlərinə görə, uşaqların ev şəraitində gözlərini açdıqlarını və danışdıqlarını görüb, müalicəni evdə davam etdirməyin mümkün olacağını düşünüb. Ata qeyd edib ki, gecə saatlarında hər hansı ciddi problem müşahidə etməyib. Lakin səhər saat 04:00 radələrində bütün uşaqların halsız vəziyyətdə yerə yıxıldığını görüb. Dərhal yenidən xəstəxanaya aparılan uşaqlardan dördünün vəziyyətinin normal olduğu, ikisinin – Aişə və Gülcənnətin ağır vəziyyətdə olduğu bildirilib. Ata əlavə edib ki, saat 05:00 radələrində ona Gülcənnətin vəfat etdiyi xəbəri verilib.
Hadisə ilə bağlı danışan qonşu, uşaqlara ilkin tibbi yardım göstərən Əlvanə Şeydabayeva isə diqqətçəkən məqamları açıqlayıb. Onun sözlərinə görə, uşaqlar evə qayıtdıqdan sonra azyaşlı qızın alnında zədə izi müşahidə olunub. Qonşu bildirib ki, uşağın qızdırması qalxdıqda alnına baxarkən sanki harasa dəyərək zədələndiyini düşünüb və bu barədə anasına məlumat verib. Ananın isə hadisəni görmədiyini dediyi qeyd olunur. Qadın ehtimal edib ki, uşaq hamamda yıxılaraq kafel üzərinə dəyə bilərdi. Onun sözlərinə görə, uşağın vəziyyəti pisləşdiyi üçün axşam saatlarında yenidən xəstəxanaya aparılıb və müalicə olunub, lakin ehtimal olunur ki, aldığı zərbə və ümumi vəziyyətinin ağırlaşması nəticəsində həyatını itirib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 2024-cü il təvəllüdlü azyaşlı (qadın cinsli) 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. 02.04.2026-cı il tarixində yaxınlarının yazılı iltizamı əsasında evə buraxılan uşaq 04.04.2026-cı il tarixində yenidən ağır vəziyyətdə xəstəxanaya gətirilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Mərkəzdən həmçinin bildirilib ki, digər 5 uşağın müalicəsi hazırda davam etdirilir və onların vəziyyəti stabil qiymətləndirilir.
Faktla bağlı araşdırmalar aparılır. Hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

