Əlcəzairdə kamikadzelərin iştirakı ilə terror aktı baş verib. Onlar paytaxtdan bir neçə on kilometr məsafədə yerləşən Blida şəhərinin mərkəzi polis bölməsinin yaxınlığında özlərini partladıblar. Nəticədə ən azı bir polis əməkdaşı xəsarət alıb. Hadisə Roma Papası XIV Leonun ölkəyə səfəri ilə eyni vaxta təsadüf edib.
Kamikadzelər polis bölməsinə yaxınlaşmağa macal tapmadan şəhid kəmərlərini işə salıblar. Növbətçi polis əməkdaşı onları görüb və ehtimal olunur ki, terrorçular buna görə özlərini planlaşdırılandan əvvəl partladıblar, — deyə Le Monde yazır.
Qəzetin qeyd etdiyinə görə, fransız diplomatik dairələrində hadisənin pontifikin səfəri ilə bağlı olduğuna şübhə edilmir.
“Terrorçular Əlcəzairi kafirlərin liderini qəbul etdiyinə görə cəzalandırmaq istəyiblər. Bu, həm də İslam torpağında papanı qəbul etməyə cəsarət edən Əlcəzair Prezidenti Təbbuna mesajdır”, — deyə Le Monde-un mənbəsi bildirib.
Fransız mətbuatının məlumatına görə, Əlcəzair hökuməti hadisədən sonra bir neçə saat terror aktı barədə məlumatı gizli saxlayıb. Pontifiki müşayiət edən şəxslər baş verənlərdən gec xəbər tutublar. Vatikanın rəsmi nümayəndələri isə hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.
Terror aktı pontifikin Əlcəzairə səfər proqramına təsir etməyib. O, çıxışında Əlcəzair rəhbərliyini “canlı, dinamik və azad vətəndaş cəmiyyətinin qurulmasına dəstək verməyə” çağırıb, miqrantların hüquqlarını müdafiə edib və ölkənin “Qara onillik” — hökumətlə islamçı qruplaşmalar arasında baş vermiş vətəndaş müharibəsini xatırladıb.

XIV Leo Əlcəzairə səfər edən ilk Roma Papasıdır. Onun Afrika turu 23 aprelədək davam edəcək və Kamerun, Anqola və Ekvatorial Qvineyanı əhatə edəcək.

