Çində 19 yaşlı sahibkar qızı atasının şirkətindən bir il ərzində 17 milyon yuan mənimsəyib. Bu barədə Mothership nəşri məlumat yayıb. Qız bütün vəsaiti sevdiyi strimerlərə ianə şəklində xərcləyib.
Hadisə 2025-ci ildə Çjençjou şəhərində baş verib. Syao Çju kolleci yarımçıq qoyduqdan sonra atası onu öz şirkətində işə düzəldib. Qısa müddət sonra ona maliyyə əməliyyatları həvalə olunub. Bir müddət keçdikdən sonra isə ata hesabatlarda uyğunsuzluq aşkar edib və yoxlama başladıb.
İlk mərhələdə itkin məbləğin bir neçə yüz min yuan olduğu düşünülsə də, sonradan məlum olub ki, Çju bir il ərzində milyonlarla vəsaiti mənimsəyib.
“Əvvəlcə polisə müraciət etmək istəmirdim ki, qızımın gələcəyini məhv etməyim. Amma hüquqşünaslarla danışdıqdan sonra başa düşdüm ki, oğurlanan vəsaitin heç olmasa bir hissəsini qaytarmaq üçün bu yeganə yoldur.”
Ata həmçinin etiraf edib ki, işlərinin çoxluğu səbəbindən o və anası son bir ildə qızları ilə kifayət qədər ünsiyyət qura bilməyiblər. Onun fikrincə, qız real həyatda çatışmayan diqqət və təsdiqi əldə etmək üçün internetdə böyük məbləğlər xərcləyib.

