ABŞ-ın Qərbi Virciniya ştatında yerləşən Catalyst Refiners müəssisəsində kimyəvi sızma nəticəsində iki nəfər ölüb, 19 nəfər xəsarət alıb. Bu barədə Associated Press məlumat yayıb.
Hadisə zavodun bağlanması zamanı baş verib. İlkin ehtimallara görə, bu zaman zəhərli hidrogen sulfid qazının ayrılması ilə müşayiət olunan kimyəvi reaksiya yaranıb.
Qəza yerinə gələn fövqəladə xidmət əməkdaşlarından yeddisi də zərər çəkib. Yaralılardan birinin vəziyyəti ağırdır.
Bəzi zərərçəkənlər xəstəxanalara şəxsi nəqliyyat vasitələri ilə çatdırılıb. Onlarda öskürək, nəfəs darlığı, boğaz ağrısı və göz qıcıqlanması kimi respirator simptomlar müşahidə olunur.

