Rusiyanın Həştərxan şəhərində içində insan olan lift yeni yaşayış kompleksində şaxtaya düşüb.
Bu barədə yerli sakinlər “VKontakte”dəki “Tipiçnaya Astraxan” qrupunda məlumat veriblər.
Hadisə mayın 13-də 2025-ci ilin dekabrında istifadəyə verilmiş “Pipl” yaşayış kompleksində baş verib. İçində sərnişin olan lift kabinəsi qəfil qoparaq bir neçə mərtəbə aşağı düşüb, daha sonra dayanıb.
Məlumata görə, bu çoxmərtəbəli binada liftlə bağlı oxşar problemlər mütəmadi olaraq yaşanır. Mənzil sahibləri dəfələrlə idarəedici şirkətə və liftlərə xidmət göstərən “Astraxan Lift” təşkilatına müraciət edərək qəfil dayanma, kənar səslər, hərəkətdə nasazlıqlar və digər təhlükəli əlamətlər barədə şikayət ediblər.
Sakinlər dəfələrlə avadanlığın tam texniki ekspertizadan keçirilməsini, təhlükəsizliyinin yoxlanılmasını və liftin dəyişdirilməsi məsələsinə baxılmasını istəyiblər.
Baxış zamanı liftlərə cavabdeh şəxs əyilmiş şunt aşkarlayıb və onun bir neçə mərtəbədə deformasiyaya uğradığını qeyd edib. İdarəedici şirkət isə hələlik vəziyyəti şərh etməyib.

