İndoneziyada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 38-ə yüksəlib.
Reuters bu barədə İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən məlumat yayıb.
Bundan əvvəl ölənlərin sayının 20 nəfər olduğu bildirilmişdi.

7,7 bal gücündə zəlzələ avqustun 15-i, şənbə günü səhər saatlarında İndoneziyanın şərq sahillərində baş verib. Zəlzələ nəticəsində binalar dağılıb, sürüşmələr baş verib və bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
İlkin olaraq sunami xəbərdarlığı da elan edilib, lakin təxminən üç saat sonra ləğv olunub. Ayrı-ayrı ərazilərdə hündürlüyü bir metrdən az olan dalğalar qeydə alınıb.
Hazırda xilasedicilər dağıntılar altında qalan insanların axtarışını davam etdirir. Təxminən 2 min nəfər daha təhlükəsiz ərazilərə təxliyə olunub.

