Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, “VAZ 2121 Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə düşüb və ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü, 1951-ci il təvəllüdlü Mətləb Aslanov İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Şövkət Aslanova Qasım qızı həyatını itirib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza barədə “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürən-xilasedicilər cəlb olunub. Hadisə yerində sürücünün avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər hər iki şəxsin meyitini deformasiyaya uğramış avtomobildən və dərədən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

