Hindistanın Madhya-Pradeş ştatında 29 yaşlı qadın dörd qol və dörd ayaqla körpə dünyaya gətirib.
“Need To Know” nəşrinin məlumatına görə, körpənin əlavə ətrafları döş qəfəsinin yuxarı hissəsinə və qarın nahiyəsinə birləşib.
Həkimlər bunun “parazit əkiz” adlandırılan nadir tibbi vəziyyətlə əlaqəli ola biləcəyini ehtimal edirlər. Belə hallarda tam inkişaf etməyən əkizin toxuma və bədən hissələri digər əkizə bağlı şəkildə inkişaf edə bilər.
Məlumata görə, təxminən 3 kiloqram çəkisi olan körpənin vəziyyəti hazırda stabildir.
Həkimlər müalicənin hansı formada aparılacağını müəyyənləşdirmək üçün körpəni hərtərəfli tibbi müayinədən keçirməyi planlaşdırırlar.
Körpənin dünyaya gəlməsi yerli sakinlər arasında da böyük marağa səbəb olub. Xəbərin yayılmasından sonra çox sayda insan körpəni görmək üçün klinikanın qarşısına toplaşıb.
Bildirilir ki, Hindistanda bəzi inanclara görə, bu cür qeyri-adi bədən quruluşu ilə doğulan uşaqlar ilahi varlıqların təcəssümü kimi qəbul edilə bilirlər.

