Xəbər verdiyimiz kimi, Sumqayıtda şagirdlər arasında kütləvi zəhərlənmə olub.
Denemdia.az xəbər verir ki, 36 nömrəli tam orta ümumtəhsil məktəbində 8-ci sinifdə təhsil alan çoxlu sayda şagird xəstəxanaya yerləşdirilib.
Zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılan uşaqlara ilkin tibbi yardım göstərilib. Mədələri yuyulub və məktəb rəhbəriliyininə eləcədə valideynlərə məlumat verilib.
Sumqayıt Tibb Mərkəzindən DenazTV-yə bildirilib ki, 21 nəfər (17 kişi cinsli, 4 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı qurum tərəfindən araşdırma aparılır.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb: “Şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır.
Əldə etdiyimiz məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər”.
Qeyd edək ki, ötən gün Gəncə şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin 7 şagirdi də şirniyyatdan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

