Slovakiyada orta məktəbdə naməlum maddənin sızması şübhəsi ilə bağlı hadisə baş verib. İlkin məlumatlarda 20-yə yaxın şagirdin xəstəxanaya aparıldığı bildirilsə də, sonradan zərərçəkənlərin sayının 40-a çatdığı məlum olub.
Denmedia.az Slovakiyanın Denník N nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın 20-də ölkənin Modra şəhərində yerləşən orta məktəbdə qeydə alınıb.
Məlumata görə, şagirdlər sinif otağında kəskin və xoşagəlməz qoxu hiss etdikdən sonra səhhətlərinin pisləşməsindən şikayətləniblər. Məktəbə dərhal xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisə nəticəsində əksəriyyəti məktəblilər olmaqla 40 nəfərdə zəhərlənmə əlamətləri müşahidə edilib.
İlkin mərhələdə 15–17 yaşlarında yeddi qız Bratislavadakı Milli Uşaq Xəstəlikləri İnstitutuna yerləşdirilib. Daha 12 şagirdin xüsusi təxliyə avtobusunda tibbi müayinədən keçməyi gözlədiyi bildirilib.
Sonrakı məlumatlara əsasən, Rujinov xəstəxanasına tənəffüs yollarının qıcıqlanması şübhəsi ilə 22 nəfər aparılıb. Onlardan üçü müşahidə məqsədilə xəstəxanaya yerləşdirilib.
Vəziyyətlə əlaqədar məktəbdə təxliyə tədbirləri həyata keçirilib. Tibb işçiləri zərərçəkənlərə yardım göstərib, mütəxəssislər isə havanın tərkibini yoxlayıblar.

