ABŞ-nin Texas ştatında ölüm hökmünün icrası zamanı qeyri-adi hadisə yaşanıb. Məhkum Reynaldo Dennes bir saatdan çox davam edən edam prosesi zamanı ağrıdan qışqıraraq əzab çəkdiyini bildirib.
Denmedia.az The Washington Post və Associated Press agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 19-da Texasın Hantsvill şəhərindəki həbsxanada baş verib.
70 yaşlı məhkumun ölüm hökmü zəhərli inyeksiya vasitəsilə icra edilib. Lakin həbsxana əməkdaşları uzun müddət dərmanın yeridilməsi üçün uyğun damar tapa bilməyiblər.
Təxminən 34 dəqiqə davam edən cəhdlərdən sonra məhkumun boyun və sol ayaq nahiyəsində damar yolu açılıb. Bundan sonra ona ölümcül dozada pentobarbital preparatı yeridilib.
Prosedur zamanı Dennes dəfələrlə şiddətli ağrı hiss etdiyini söyləyərək baş verənlərin normal olmadığını bildirib.
“Bu, lazım olduğu kimi işləmir. Məni belə əzab çəkməyə qoymayın”, – deyə məhkum qışqırıb.
Edam prosesini izləyən Associated Press agentliyinin müxbiri Maykl Qraçik gördüklərini indiyədək şahidi olduğu heç bir edama bənzətmədiyini bildirib.
Bununla belə, Texasın Cinayət Ədliyyəsi Departamenti prosedurun müəyyən edilmiş qaydalara uyğun həyata keçirildiyini bəyan edib.
Qurumun sözçüsü Amanda Ernandes məhkumun inyeksiya edilməyən nahiyələrdə də ağrıdan şikayətləndiyini qeyd edərək onun ağrılarını şişirtmiş ola biləcəyini iddia edib.
Rəsmi məlumatlara görə, edam yerli vaxtla saat 18:04-də başlayıb, məhkumun ölümü isə 19:07-də qeydə alınıb. Beləliklə, proses bir saatdan çox davam edib.
Qeyd edək ki, Reynaldo Dennes 1996-cı ildə Hyustonda almaz ticarəti ilə məşğul olan Yanoş Suçun qətlə yetirilməsində təqsirli bilinərək ölüm cəzasına məhkum edilmişdi.
Hadisədən sonra edam prosedurunun gedişi və məhkumun çəkdiyi ağrılarla bağlı suallar yaranıb. Lakin onun qışqırıqlarına nəyin səbəb olduğunu dəqiq müəyyənləşdirmək mümkün olmayıb.

