Türkiyənin Hatay vilayətində itkin düşmüş 40 yaşlı Əhməd Nuri Bezarın qətlə yetirildiyi məlum olub. Onun meyitini əvvəlcə yandırmağa çalışdıqları, daha sonra isə kisəyə qoyaraq Asi çayına atdıqları müəyyən edilib.
Denmedia.az xəbər verir ki, Qarsda yaşayan Əhməd Nuri Bezar M.K. adlı qadınla görüşmək üçün Hatayın Antakya rayonuna gəlib. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

İlkin məlumatlarda Bezarın həmin qadınla romantik münasibətdə olduğu, qadının həyat yoldaşının isə bu münasibətdən xəbər tutduğu iddia edilib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən, istintaq zamanı E.C.K. və onun bacısının həyat yoldaşı N.D.-nin Bezarın qətlində iştirak etdiyi müəyyənləşdirilib.

Araşdırma nəticəsində kişinin bıçaqlanaraq öldürüldüyü, daha sonra meyitinin metal çəlləyə qoyularaq yandırılmağa çalışıldığı üzə çıxıb.
Şübhəlilər meyiti tamamilə məhv edə bilmədikdən sonra qalıqları kisəyə dolduraraq Asi çayının kənarına atıblar.

Hatay Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları itkin düşmə ilə bağlı aparılan araşdırma zamanı Bezarın M.K. ilə görüşdüyünü müəyyən ediblər. Şübhəlilərin ifadələri əsasında istintaq genişləndirilib və qətlin təfərrüatı üzə çıxarılıb.
Polis dalğıclarının Asi çayında keçirdiyi axtarışlar nəticəsində Bezarın meyiti kisənin içərisində tapılıb.
Hadisə ilə əlaqədar yeddi nəfər saxlanılıb. Onlardan beşi məhkəmənin qərarı ilə həbs edilib, digər iki nəfər isə sərbəst buraxılıb.
Qətllə bağlı istintaq davam etdirilir.

