Şəkərli diabet, artıq çəki, yüksək xolesterin və arterial təzyiq orqanizmdə xroniki iltihabi prosesləri gücləndirərək bəzi xərçəng növlərinin yaranma riskini artıra bilər.
Denmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Əməkdar həkimi, tanınmış televiziya aparıcısı Aleksandr Myasnikov NEWS.ru nəşrinə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, maddələr mübadiləsində yaranan pozğunluqlar uzun illər heç bir ciddi əlamət göstərmədən inkişaf edə, ilk təhlükəli simptomlar üzə çıxmazdan əvvəl qaraciyər və böyrəklərə mənfi təsir göstərə bilər.

Myasnikov şəkərli diabetdən əziyyət çəkən insanlarda xərçəngə tutulma riskinin yeddi dəfə yüksək olduğunu iddia edib. O, prediabet, artıq çəki, yüksək xolesterin və arterial təzyiqi də xərçəng riskini artıran metabolik problemlər kimi qiymətləndirib.
Mütəxəssis bildirib ki, orqanizmin insulinə həssaslığının azalması çəki artımına və şəkərli diabetin inkişafına səbəb ola bilər. Qanda insulin səviyyəsinin yüksəlməsi isə hüceyrələrin böyüməsini stimullaşdıraraq xroniki, zəif intensivlikli iltihabi proseslərə şərait yarada bilər.
Bununla belə, elmi araşdırmalar şəkərli diabetin bütün xərçəng növləri üzrə riski yeddi dəfə artırdığını təsdiqləmir. Riskin səviyyəsi xərçəngin növündən və digər sağlamlıq amillərindən asılı olaraq dəyişir.

