Noyabrın 20-də Azərbaycanda qeydə alınan 92, əvvəlki dövrlərdən isə bağlı qalan daha 3 cinayətin üstü açılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan 118 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 97-si borclu şəxs qismində axtarışda olub.
Gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 15, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 20 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.
Polis əməkdaşları tərəfindən yaşayış yerini ailə üzvlərinə xəbər vermədən tərk etdiyinə görə itkin düşmüş hesab olunan 4 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər zamanı ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə, həmçinin güclü təsiredici xassəyə malik 699 həb aşkar edilərək götürülüb.
Paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirilən əməliyyatlar nəticəsində 2 avtomat, 1 tapança, 1 qumbara, 1 pulemyot, 1 mərmi, 18 tüfəng, 12 daraq və müxtəlif çaplı 385 patron aşkar edilərək götürülüb.
DİN-dən bildirilib ki, qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanması, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

