Rusiyada həkimin səhvən ölmüş elan etdiyi 73 yaşlı qadını morqda qətlə yetirməkdə şübhəli bilinməsi böyük qalmaqala səbəb olub. İstintaqın versiyasına görə, həkim səhvini gizlətmək üçün qadına ölümcül dozada dərman yeridib.
Denmedia.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə 2025-ci ilin dekabrında Arxangelsk vilayətinin Severodvinsk şəhərindəki 2 saylı şəhər xəstəxanasında baş verib.
Kəskin tromboz diaqnozu ilə xəstəxanaya yerləşdirilən 73 yaşlı Qalina Yedakinanın ürəyi dayanıb. 29 yaşlı anestezioloq-reanimatoloq Oleq Gil təxminən 30 dəqiqə ərzində qadını həyata qaytarmağa çalışıb. Lakin müdaxilələrin nəticəsiz qaldığını düşünərək onun öldüyünü bildirib.
Qadının meyiti morqa aparılıb. Təxminən iki saat sonra morq əməkdaşı onun həyat əlamətləri göstərdiyini aşkar edib.
Bu barədə xəstəxanaya məlumat verildikdən sonra həkim yenidən morqa çağırılıb.
İstintaqın versiyasına əsasən, morqa gələn Oleq Gil qadını təkrar müayinə edib. Lakin ona təcili tibbi yardım göstərmək əvəzinə, əvvəlki səhvinin üzə çıxmasının qarşısını almaq məqsədilə ölümünə səbəb olan preparat yeridib.
Rusiya mətbuatında yayılan məlumatlara görə, həkimin qadına güclü anesteziya preparatı olan propofol yeritdiyi ehtimal edilir. Bundan sonra qadın həyatını itirib.

Hadisədən təxminən 11 ay sonra, noyabrın 18-də həkim saxlanılıb. Ona köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə ittihamı irəli sürülüb.
Məhkəmənin qərarı ilə Oleq Gil barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq Rusiya İstintaq Komitəsi tərəfindən aparılır.
Həkimin vəkili isə ittihamları rədd edərək müvəkkilinin bütün tibbi müdaxilələri peşə vəzifələrinə və müvafiq protokollara uyğun həyata keçirdiyini bildirib.

Müdafiə tərəfi tətbiq edilən preparatla qadının ölümü arasında birbaşa səbəb-nəticə əlaqəsinin sübuta yetirilmədiyini, xəstənin əvvəlcədən ağır vəziyyətdə olduğunu və təbii səbəblərdən ölə biləcəyini irəli sürüb.
Hadisə ilə bağlı araşdırma davam edir. Həkimə qarşı irəli sürülən ittihamlar hələ məhkəmə hökmü ilə təsdiqlənməyib.

