ABŞ-nin Nyu-York şəhərində uzun illər ağır saxlanma şəraiti və zorakılıq halları ilə gündəmə gələn Raykers-Aylend həbsxana kompleksinin bağlanması planlaşdırılır.
Denmedia.az ABC News telekanalına istinadən xəbər verir ki, Nyu-York meri Zöhran Mamdani həbsxana kompleksinin 2032-ci ilin sonunadək tamamilə bağlanmasını nəzərdə tutan plan təqdim edib.
Plana əsasən, Raykers-Aylenddə saxlanılan şəxslər şəhərin dörd rayonunda yaradılacaq yeni penitensiar müəssisələrə köçürüləcəklər. Bu müəssisələr Bruklin, Manhetten, Kuins və Bronks rayonlarında yerləşəcək.
Hazırda həbsxana sistemində təxminən 6600 nəfər saxlanılır. Şəhər administrasiyası 2032-ci ilin sonunadək bu göstəricini 4100 nəfərdən çox olmayan səviyyəyə endirməyi hədəfləyir.
Yeni müəssisələrdən birincisinin 2029-cu ildə Bruklində istifadəyə verilməsi nəzərdə tutulur.
Mamdani bildirib ki, Raykers-Aylend həbsxanasının fəaliyyətinə birdəfəlik son qoymağın vaxtı çatıb. Onun sözlərinə görə, Nyu-York sakinləri onilliklərdir daha təhlükəsiz və humanist həbsxana sisteminin yaradılmasını tələb edirlər.
Raykers-Aylend uzun illərdir həddindən artıq sıxlıq, məhbuslara qarşı zorakılıq və ağır saxlanma şəraiti səbəbindən tənqid olunur.

Federal hakim müəssisədəki şəraiti qəbuledilməz və qeyri-normal qiymətləndirərək mövcud problemlərin aradan qaldırılmasına nəzarət etmək üçün müstəqil idarəçi təyin edib.
Şəhər rəhbərliyinin yeni planı həbsxana kompleksinin bağlanması ilə yanaşı, psixi sağlamlıq xidmətlərinin genişləndirilməsini, məhkəmə proseslərində gecikmələrin azaldılmasını və saxlanılan şəxslərin cəmiyyətə reinteqrasiyasına dəstək tədbirlərini də əhatə edir.
Qeyd edək ki, əvvəlki qanunvericilik tələbinə əsasən, Raykers-Aylend kompleksinin 2027-ci ilin avqustunadək bağlanması nəzərdə tutulurdu. Yeni planla bu müddətin 2032-ci ilin sonunadək uzadılması təklif edilir.

