Bakıda narkotik tərkibli və güclü təsir edən dərman preparatlarının qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 7 nəfər saxlanılıb. Onların arasında aptek sahibi Xalid Mustafayev və Orxan Kəngərli də var.
Denmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər oxşar əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev saxlanılıb.
DİN-in məlumatına görə, X.Mustafayevin Xətai rayonu ərazisində yerləşən özünə məxsus “Vidal” aptekində güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz satdığı müəyyən edilib.
Aptekə baxış zamanı İranda istehsal edilərək Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilən külli miqdarda “Diazepam” və “Pregabalin” (“Lirika”) həbləri aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı X.Mustafayevlə birlikdə həmin preparatların qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən digər şəxslər də müəyyənləşdirilib.
Keçirilən növbəti əməliyyatlarla 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov saxlanılıblar. Onlardan da güclü təsir edən “Pregabalin” həbləri aşkarlanıb.
İstintaq materiallarına əsasən, Tural Əliyev Orxan Kəngərlini və şəxsiyyətləri araşdırılan digər şəxsləri Xalid Mustafayevlə əlaqələndirib. Onlar müxtəlif vaxtlarda aptekdən xüsusi resept əsasında satılmalı olan dərman preparatlarını qanunsuz yollarla əldə ediblər.
Bəzi hallarda həblərin ödənişi T.Əliyevin bank kartına köçürülüb və onun vasitəsilə X.Mustafayevə çatdırılıb.
DİN-in məlumatında qeyd olunub ki, Orxan Kəngərli əldə etdiyi preparatlardan şəxsi istifadəsi ilə yanaşı, onları müxtəlif vaxtlarda Elşad Aslanlıya və Pərviz İsmayılova da satıb.
İstintaqın məlumatına görə, O.Kəngərli dərmanların gizlədildiyi yerin ünvanını qohumu Murad Həsənov vasitəsilə Elşad Aslanlıya göndərib.
Bundan başqa, O.Kəngərlinin digər qohumu Tural Ağayevlə güclü təsir edən preparatların istifadəsi barədə danışıqları, eləcə də bu maddələri “liri”, “lirik” və “lirika” kimi şərti adlarla əldə etməsinə dair məlumatların texniki sübutlarla təsdiqləndiyi bildirilib.
Orxan Kəngərli və Xalid Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə adı keçən digər şəxslərlə bağlı istintaq araşdırmaları davam etdirilir.

