Türkiyənin tanınmış psixiatrı, professor Arif Verimli bir seans üçün aldığı məbləği açıqlayaraq sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Denmedia.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Müge Anlı ile Tatlı Sert” proqramındakı çıxışları ilə tanınan mütəxəssis Netflix platformasında yayımlanan “Bir Başkadır” serialının ikinci mövsümündəki terapiya səhnələrini tənqid edib.
Altı illik fasilədən sonra ekranlara qayıdan serialla bağlı “X” hesabında paylaşım edən Verimli “Mənim kabinetimdə belə seanslar keçirilmir” ifadəsini işlədib.
Psixiatr, həmçinin psixometrik testlər, elektroensefaloqrafiya (EEQ), maqnit-rezonans tomoqrafiyası (MRT) və sidik analizi aparmadan diaqnoz qoymadığını bildirib.

Paylaşımın ardından sosial şəbəkə istifadəçilərindən biri həkimə qəbul haqqı ilə bağlı sual ünvanlayıb.
Arif Verimli bir seansın qiymətinin 6 min Türkiyə lirəsi olduğunu bildirib.
Bu cavab sosial şəbəkələrdə müxtəlif reaksiyalar doğurub. Bəzi istifadəçilər professorun təcrübəsini nəzərə alaraq məbləği münasib hesab etsələr də, digərləri qiymətin həddindən artıq yüksək olduğunu bildiriblər.
Şərhlərdə “Dərhal qəbul üçün yazılaq”, “Məncə, münasib qiymətdir” və “Sizin kimi mütəxəssis üçün 6 min lirə normaldır” kimi fikirlər yer alıb.
Digər bir istifadəçi isə qiyməti tənqid edərək bunun davamlı olmadığını bildirib.

