ABŞ-nin maliyyə naziri Skott Bessent İranın hazırda neft ixrac etmək imkanından məhrum olduğunu və dünya bazarının İran nefti olmadan da fəaliyyətini davam etdirə biləcəyini bildirib.
Denmedia.az xəbər verir ki, nazir bu barədə CNBC telekanalına müsahibəsində danışıb.
“İran neft hasil etməyə başladığı vaxtdan bəri ilk dəfədir ki, dənizdə İran nefti daşıyan tanker yoxdur. Heç kim bu nefti ala bilmir”, – deyə Bessent vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi məhdudiyyətlər Tehranın neft satışından gəlir əldə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Nazir dünya iqtisadiyyatının İran nefti olmadan da fəaliyyət göstərə bildiyini iddia edərək bunu təsdiqləyən məlumatları şənbə günü ictimaiyyətə təqdim edəcəyini bildirib.
Bessent, həmçinin bu həftə Çinin Şençjen şəhərində ABŞ, Rusiya və Çin liderləri arasında keçirilən danışıqlara toxunub.
Onun sözlərinə görə, üç ölkə İranın nüvə silahına sahib olmamalı olduğu məsələsində ortaq mövqeyə gəlib.
“İran nüvə silahına malik olmamalıdır. Hər üç ölkə bununla razıdır”, – deyə ABŞ-nin maliyyə naziri bildirib.
Bessent qeyd edib ki, Vaşinqton Tehranla münaqişənin dayandırılması üçün məqbul hesab etdiyi razılaşma əldə olunana qədər İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək.
Nazir şəxsi təhlükəsizliyi ilə bağlı vəziyyətə də toxunub. O, İran tərəfindən mümkün sui-qəsd təhlükəsi səbəbindən hazırda ABŞ-nin hərbi bazalarından birində yaşadığını təsdiqləyib.
“Əgər iranlılar həqiqətən məni hədəfə alıblarsa, deməli, onlar ciddi təzyiq altındadırlar”, – deyə Bessent bildirib.
Nazir bu ilin əvvəlində “The Wall Street Journal” nəşrinin onun yeni evinin fotosunu və yerləşdiyi ərazi barədə məlumatları dərc etməsindən təəssüfləndiyini də söyləyib.
Bessent məhz bundan sonra təhlükəsizlik məqsədilə müvəqqəti olaraq hərbi bazaya köçmək qərarına gəldiyini qeyd edib.
“Hərbi bazada yaşamaq xoşdur”, – deyə nazir əlavə edib.

