oyabrın 21-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoyda yerləşən İrs Evində görüşüb.
Denmedia.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Arzu Əliyevaya paytaxtın Köhnə Məhəlləsində (Old Quarter) yerləşən tarixi məkan haqqında məlumat verilib.
XIX əsrdə inşa olunan və Vyetnamın ənənəvi yaşayış memarlığını, eləcə də tacirlərin gündəlik həyat tərzini əks etdirən İrs Evində qonaqlara ölkənin zəngin mədəni irsinə aid sənətkarlıq nümunələri təqdim edilib.
Mehriban Əliyeva və qızları Vyetnamın ənənəvi çay mərasimini izləyiblər.
Daha sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Kaçu (Ca Trù) ifaçılıq sənəti nümayiş etdirilib. Poeziya, musiqi və səhnə ifasını özündə birləşdirən bu qədim sənət növündə əsas rolu üçsimli musiqi aləti və nağaranın müşayiəti ilə çıxış edən qadın ifaçılar oynayırlar.
Tədbirdə Vyetnamın milli rəmzlərindən biri sayılan ənənəvi aozay (Áo Dài) geyimləri də nümayiş etdirilib. İpək parçalardan hazırlanan, naxış və tikmələrlə bəzədilən bu geyim nümunələri ölkənin müxtəlif tarixi dövrlərini əks etdirir.
Sonda Azərbaycanın birinci xanımına Vyetnam xəttatlıq sənətinə aid nümunə hədiyyə olunub.








