Filippində sahiblərinin kremasiya üçün pul ödədiyi 170-ə yaxın it və pişiyin cəsədi yol kənarlarında və boş ərazilərdə aşkar edilib. Hadisə ölkədə böyük qalmaqala səbəb olub.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, paytaxt Manila yaxınlığında üzə çıxan hadisə heyvan sığınacağı işlədən ər-arvadın sosial şəbəkədə canlı yayımından sonra ictimaiyyətə məlum olub.
Keçmiş polis əməkdaşı Kris Teylor və həyat yoldaşı Ceraldin Teylorun rəhbərlik etdiyi “Luna and Furry Siblings” (LAFS) heyvanların xilas edilməsi təşkilatı oktyabrın 30-da Bulakan əyalətinin San-Xose-del-Monte şəhərində yol kənarına atılmış, plastik torbalara bükülmüş təxminən 25 heyvan cəsədini aşkar edib.
Torbalardan bəzilərinin üzərində “Brandon”, “Lucky”, “Sweet” kimi heyvan adları və onların çəkisi qeyd olunub.
Hadisədən sonra axtarışları davam etdirən cütlük Bulakan əyalətində 15 ayrı ərazi müəyyənləşdirib. Həmin yerlərdən ümumilikdə 170-ə yaxın ev heyvanının qalıqları tapılıb. Onların arasında Belçika malinua və qolden-retriver cinsli itlər də olub.
Teylor cütlüyünün sosial şəbəkələrdə yayımladığı görüntülər 30 milyondan çox baxış toplayıb. Videoları izləyən heyvan sahibləri cəsədlərin arasında öz it və pişiklərini axtarmağa başlayıblar.
İlk gecə aşkarlanan 25 heyvanın cəsədi sahiblərinə qaytarılıb. Onların əksəriyyəti heyvanlarını yandırılması üçün Bakoor şəhərində fəaliyyət göstərən “Ahjay Paws” kremasiya müəssisəsinə təhvil verdiklərini bildiriblər.
Qalmaqalın ən sarsıdıcı tərəfi isə bəzi sahiblərə təqdim olunan külün həqiqətən onların heyvanlarına aid olub-olmaması ilə bağlı yaranan şübhələrdir.
Harvi adlı itinin kremasiyası üçün 10 min Filippin pesosu (təxminən 160 dollar) ödədiyini bildirən Emeliya Leqada ona verilən külün doğrudan da öz itinə məxsus olub-olmadığını öyrənmək istədiyini deyib.
Manilanın Keson-Siti şəhərində fəaliyyət göstərən baytarlardan biri narahat heyvan sahibləri üçün kül nümunələrinin pulsuz ekspertizasına başlayıb. Bəzi kremasiya müəssisələri isə tapılan heyvanların cəsədlərini ödənişsiz yandırmağı təklif ediblər.
Filippinin Milli İstintaq Bürosu (NBI) hadisə ilə əlaqədar dörd nəfər barəsində cinayət şikayətləri təqdim edib. Onların arasında “Ahjay Paws” müəssisəsinin sahibi və Bulakandakı “Pet HPHT Crematory” müəssisəsini idarə edən iki nəfər də var.

İstintaqın məlumatına görə, “Ahjay Paws” sifariş etdiyi kremasiya avadanlığı vaxtında çatdırılmadığı üçün heyvan cəsədlərini “Pet HPHT” müəssisəsinə göndərib. Həmin müəssisə isə iş yükünün öhdəsindən gələ bilmədiyindən cəsədlərin basdırılması üçün üçüncü şəxsə pul ödəyib.
Araşdırma çərçivəsində mümkün dələduzluq halları da yoxlanılır.
“Ahjay Paws”ın sahibi məsuliyyət daşıdığını rədd edib. Müəssisənin artıq fəaliyyət göstərmədiyi bildirilir. “Pet HPHT” isə sosial şəbəkə paylaşımında ittihamların tamamilə əsassız olduğunu bəyan edib.

Filippinin Heyvanların Rifahı Cəmiyyətinə (PAWS) 150-dən çox heyvan sahibi hüquqi yardım üçün müraciət edib.
Ölkənin heyvanlarla qəddar rəftara qarşı qanunvericiliyində heyvanların ölümündən sonrakı rəftarla bağlı boşluqların olması da müzakirələrə səbəb olub. Hadisədən sonra qanunvericiliyin sərtləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürülüb.

