ABŞ-li iqtisadçı, Kolumbiya Universitetinin professoru Ceffri Saks Ukrayna müharibəsinin həlli istiqamətində aparılan danışıqlarda əsas maneənin NATO-nun genişlənməsi məsələsi olduğunu bildirib.
Denmedia.az xəbər verir ki, professor bu barədə TASS agentliyinə müsahibəsində danışıb.
Saksın sözlərinə görə, Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli danışıqlarda NATO-nun genişlənməsi məsələsi əsas fikir ayrılığı olaraq qalır.
“Bəli, hesab edirəm ki, biz bir neçə ay əvvəllə müqayisədə münaqişənin həllinə daha yaxınıq. Lakin ABŞ hələ də həlledici addımı atmayıb”, – deyə iqtisadçı vurğulayıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin açıqlamalarına istinad edən Saks bildirib ki, Əbu-Dabidə amerikalı nümayəndələr Ukrayna qoşunlarının Donbasdan çıxarılması müqabilində ölkənin NATO-ya üzvlüyü imkanının nəzərdən keçirilməsini təklif ediblər.
Bununla belə, professor xatırladıb ki, Rusiya Ukraynanın NATO-ya üzvlük ehtimalını açıq saxlayan heç bir sazişi imzalamayacağını dəfələrlə bəyan edib.
Saksın fikrincə, danışıqlarda irəliləyişə nail olmaq üçün ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun NATO-nun daha da genişlənməsini dəstəkləmədiyini açıq şəkildə bəyan etməlidir.
İqtisadçı hesab edir ki, məhz belə bir addım tərəflər arasındakı əsas fikir ayrılığını aradan qaldırmağa və münaqişənin diplomatik həllinə yol açmağa kömək edə bilər.

