ABŞ-də ilk dəfə süni intellekt əsaslı çat-bot insanın ölümünə aparmaqda ittiham olunub. Bu barədə People nəşri xəbər verir.
Məlumata görə, 2025-ci ilin avqustunda 56 yaşlı Steyn-Erik Selberq 83 yaşlı anası Syuzanna Adamsı öldürüb, daha sonra isə öz həyatına son qoyub. İddia olunur ki, Selberq bu addımları ChatGPT ilə apardığı yazışmalarda aldığı destruktiv yönləndirmələrdən sonra atıb.
Selberqin sosial şəbəkələrdə 100 mindən çox izləyicisi olub və o, çat-botla dialoqlarını açıq şəkildə paylaşırdı. İddialara əsasən, ChatGPT onu “ilahi missiyası olduğuna” inandırıb, həmçinin ona qarşı sui-qəsd nəzəriyyələrini təsdiqləyib. Çat-bot ananı guya oğlunu izləyən və zəhərləməyə çalışan düşmən kimi təqdim edib, hətta polis və kuryerləri belə “agent” adlandırıb.
Syuzanna Adamsın mirasına nəzarət edən First County Bank məhkəməyə müraciət edərək bildirib ki,
“ChatGPT tərəfindən qurulan süni reallıq Selberqin anasını qoruyucu fiqurdan ölümcül təhlükəyə çevirdi.”
İddiaçılar OpenAI, şirkətin rəhbəri Sem Altman, Microsoft, eləcə də adı açıqlanmayan investor və əməkdaşları cavabdeh kimi göstərib. OpenAI isə açıqlamasında işi araşdıracaqlarını və psixi risklərin daha tez aşkarlanması üçün sistemi təkmilləşdirəcəklərini bildirib.

