Misirin paytaxtı Qahirənin cənubunda, Əl-Əyyat şəhəri yaxınlığında iki qatarın toqquşması nəticəsində azı 4 nəfər həlak olub, 88 nəfər yaralanıb.
Misirin Səhiyyə Nazirliyinin məlumatına görə, Gizadan Fəyyuma hərəkət edən qatar Qahirədən Asuana gedən digər qatarın arxa hissəsi ilə toqquşub. Qəza nəticəsində dörd vaqon relsdən çıxıb.
Masrawy portalı ilkin məlumatında yaralıların sayının azı 150 nəfər olduğunu açıqlayıb. Lakin Səhiyyə Nazirliyinin son məlumatına əsasən, 4 nəfər həyatını itirib, 88 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Baş verən hadisə ilə əlaqədar qəza yerinə ən azı 50 təcili tibbi yardım briqadası göndərilib. Sümük sınıqları və əzilmə xəsarətləri alan yaralılar xəstəxanalara çatdırılıb.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün hadisə yerinə mülki müdafiə qüvvələri və qaldırıcı kranlar da cəlb edilib.
Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır və dəymiş ziyanın həcmini müəyyənləşdirir.



