Böyüklərin uşaqlıq dövründəki maraq və məşğuliyyətlərinə yenidən qayıtması müsbət emosiyalar yaşamağa və özlərini sevindirməyə kömək edə bilər.
Bu barədə psixologiya elmləri doktoru, emosional intellektin inkişafı üzrə mütəxəssis Viktoriya Şimanskaya “Avtoradio”ya açıqlamasında bildirib.
Psixoloqun sözlərinə görə, əsl yetkinlik insanın öz uşaqlığını və keçmişini qəbul etməsi, eyni zamanda böyüklərə xas məsuliyyətlərdən imtina etməməsidir.

“Bir çox insanın indi uşaqlıq həvəslərinə qayıtması və bundan xoş emosiyalar alması müsbət tendensiyadır. Əlbəttə, həyatda irəliləmək üçün uşaqlıqdan qalan bütün yarımçıq arzuları mütləq gerçəkləşdirmək lazım deyil. Hər alış-verişdə də psixoloji problem axtarmağa ehtiyac yoxdur”, – deyə mütəxəssis bildirib.
Şimanskaya qeyd edib ki, insan böyüdükdən sonra uşaqlıqda həyata keçirə bilmədiyi bəzi istəklərini artıq müstəqil şəkildə reallaşdıra bilər.
“İndi böyüklər olaraq həmin arzularımızı özümüz həyata keçirə bilirik. Bu, həqiqətən də gözəl təcrübə və özümüzü sevindirmək üçün bir fürsətdir”, – deyə psixoloq vurğulayıb.

