ABŞ-nin sabiq Prezidenti Co Bayden İrlandiyanın paytaxtı Dublində etirazçıların hədəfinə çevrilib. Nümayişçilər onun avtomobil karvanına süd paketləri və müxtəlif əşyalar atıblar.
TMZ-nin məlumatına görə, hadisə noyabrın 10-da Dublin Trinity Kollecinin qarşısında baş verib.
Bayden həyat yoldaşı Cill Baydenlə birlikdə oğlu Hanter Baydenin mükafatlandırılma mərasimində iştirak etmək üçün universitetə gəlib.
Hanter Baydenə universitetin ən qədim tələbə debat cəmiyyəti olan “College Historical Society” tərəfindən ictimai müzakirələrə görkəmli töhfəsinə görə qızıl medal təqdim edilib.
Lakin sabiq prezidentin səfəri etiraz aksiyası ilə müşayiət olunub. Fələstinə dəstək nümayişçiləri Baydenin Qəzza zolağındakı münaqişə ilə bağlı siyasətinə etiraz edərək “Ayıb olsun!”, “Əllərin qana bulaşıb!” və “Soyqırımçı Co!” şüarları səsləndiriblər.
Bayden və ailəsi universitetdən ayrılarkən vəziyyət daha da gərginləşib. Etirazçılar onların istiqamətinə süd paketləri və digər əşyalar atıblar.
Mühafizəçilər Bayden ailəsini çətirlərlə qoruyaraq avtomobillərə qədər müşayiət ediblər.
Hadisəyə polis əməkdaşları müdaxilə edib. Etiraz aksiyası zamanı azı iki nəfər saxlanılıb.

