İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla saxlanılan polkovnik-leytenant Qəhrəman Məmmədovun barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.
Denmedia.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini təmin etməyib.
Bununla belə, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Qəhrəman Məmmədovun həbs müddəti 6 ildən 5 il 6 aya endirilib.
Qeyd edək ki, Qəhrəman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib.
O, İstanbul Hava Limanında saxlanılarkən çantasından ümumi dəyəri 10 milyon manat olan 70 kiloqram qızıl külçə aşkar edilib.
Sonradan həmin qızılların müxtəlif ölkələr arasında qaçaqmalçılıq yolu ilə daşındığı müəyyənləşdirilib.
Qəhrəman Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 və 341.1-ci maddələri ilə yekun ittiham irəli sürülüb.
O, qabaqcadan əlbir olan bir qrup şəxslə qulluq mövqeyindən istifadə etməklə ölkə hüdudlarından kənarda qaçaqmalçılıq etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

