İsveçli ekoloji fəal Qreta Tunberq Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransında dünya liderlərini iqtisadi maraqlar və siyasi nüfuz əvəzinə insanların və planetin qorunmasını prioritet hesab etməyə çağırıb.
Associated Press agentliyinin məlumatına görə, Tunberq konfransın keçirildiyi məkana gələrkən jurnalistlərə açıqlama verib.
Fəal bildirib ki, iqlim dəyişikliyi hər şeyi təhdid edir və sevdiyimiz hər şey, dəyər verdiyimiz hər kəs təhlükə altındadır.
“Biz elə addımlar atmalıyıq ki, insanlar qorunsun və onların rifahı təmin edilsin. Bəşəriyyətin böyük əksəriyyətini və hamımızın yaşadığı planeti kiçik bir imtiyazlı qrupun ağlasığmaz qazanc əldə etməsi və geosiyasi nüfuzunu qoruması naminə daim qurban verməməliyik”, – deyə Tunberq vurğulayıb.
Qeyd edək ki, Qreta Tunberq beşillik fasilədən sonra ilk dəfə BMT-nin iqlim sammitində iştirak edir.
O, sonuncu dəfə 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən konfransa qatılıb. Həmin vaxt dünya liderlərinin iqlimlə bağlı vədlərini “boş sözlər” adlandıraraq sərt tənqid edib.

