Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən üçtərəfli danışıqların ilk gününü konstruktiv və məzmunlu qiymətləndirib.
Bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat verib.
Zelenskinin sözlərinə görə, noyabrın 10-da əvvəlcə Ukrayna nümayəndə heyəti Avropa və ABŞ tərəfdaşları ilə görüşüb, daha sonra Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.
“Üçtərəfli format konstruktiv və kifayət qədər məzmunlu keçdi. Humanitar addımların zəruriliyini və mümkün şərtlərini müzakirə etməyə imkan tapdıq”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti əsirlərin azad edilməsinin prioritet məsələ olduğunu vurğulayıb. Onun sözlərinə görə, danışıqlarda Ukraynanın təhlükəsizlik təminatları, bu təminatların uzunmüddətli işləmə mexanizmləri və gərginliyin azaldılması istiqamətində mümkün addımlar da müzakirə olunub.
Zelenski nümayəndə heyətinə dialoqu davam etdirmək üçün konkret tapşırıqlar verdiyini açıqlayıb.
Üçtərəfli danışıqların noyabrın 11-də davam etdirilməsi nəzərdə tutulur. Bundan əlavə, ABŞ Prezidentinin nümayəndələri və Avropa tərəfdaşları ilə də müzakirələr aparılacaq.
Ukrayna lideri ölkəsinin sülhə nail olmaq istiqamətində məhsuldar və məsuliyyətli fəaliyyət göstərəcəyini bildirib.

