ABŞ Prezidenti Donald Tramp 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə yanaşı, digər siyasətçilərin də namizəd ola biləcəyini istisna etməyib.
Denmedia.az “Fox News” telekanalına istinadən xəbər verir ki, Tramp hər iki siyasətçinin populyarlığını yüksək qiymətləndirsə də, prezidentlik uğrunda yarışda sürprizlərin mümkünlüyünə işarə edib.
“Cey Di Vens və Marko Rubio çox populyardırlar. Onlar öz işlərinin öhdəsindən əla gəlirlər. Amma sürprizlər də ola bilər. Bizim çox bacarıqlı insanlarımız var”, – deyə ABŞ lideri bildirib.
Respublikaçıların debatlarla müşayiət olunan açıq ilkin seçkilər keçirməsinin, yoxsa vahid namizəd cütlüyü ətrafında birləşməsinin daha məqsədəuyğun olacağı barədə suala cavab verən Tramp hər iki variantı mümkün hesab etdiyini söyləyib.
Onun sözlərinə görə, prezident və vitse-prezidentliyə vahid namizəd cütlüyünün müəyyənləşdirilməsi seçki kampaniyası xərclərinə qənaət etməyə imkan verə bilər. Bu vəsait isə sonradan demokratlarla siyasi mübarizəyə yönəldilə bilər.
“The Wall Street Journal”ın məlumatına görə, noyabrın 20-də Tramp Vens və Rubioya Ağ Evdə keçirilən brifinqdə çıxış etməyi təklif edib.
Jurnalistlər onlardan hansının özünün siyasi varisi olmağa daha uyğun olduğunu soruşduqda isə ABŞ Prezidenti heç birinə üstünlük verməyib.

