Səhər yuxudan oyanan kimi buz kimi soyuq su içmək sağlam insanlar üçün, əsasən, təhlükəsiz hesab olunur. Lakin suyun temperaturu ürək və qan damarlarının fəaliyyətinə müəyyən təsir göstərə bilər.
Denmedia.az xəbər verir ki, bu barədə terapevt Alina Əzizova RT-yə müsahibəsində danışıb.
Həkimin sözlərinə görə, çox soyuq suyun qəbulu ürək döyüntüsünü və damarların tonusunu tənzimləyən vegetativ sinir sistemini qısa müddətə aktivləşdirə bilər. Nəticədə arterial təzyiqdə və nəbzdə müvəqqəti dəyişikliklər yarana bilər.
Bu reaksiyaların nə dərəcədə özünü göstərməsi suyun temperaturundan, içilən miqdardan və insan orqanizminin fərdi xüsusiyyətlərindən asılıdır.

Mütəxəssis vurğulayıb ki, soyuq suyun yaratdığı bu dəyişiklikləri ürək əzələsini qanla təmin edən koronar arteriyaların təhlükəli spazmı ilə eyniləşdirmək olmaz.
Hazırda sağlam insanlarda acqarına buzlu su içməyin infarkt və ya insult riskini artırdığını sübut edən inandırıcı elmi dəlillər yoxdur. Həmçinin suyun məhz səhər saatlarında içilməsinin bu vərdişi daha təhlükəli etdiyinə dair elmi sübut əldə edilməyib.
Bununla belə, ürəyin işemik xəstəliyindən, nəzarət altına alınmayan yüksək arterial təzyiqdən və ürək ritminin bəzi pozuntularından əziyyət çəkən şəxslərin daha diqqətli olması tövsiyə edilir. Belə insanlarda ürək-damar sisteminin soyuğa reaksiyası daha güclü ola bilər.
Həkim bildirib ki, soyuq içkilər qəbul etdikdən sonra sinə ağrısı, ürək döyüntüsünün sürətlənməsi və ya başgicəllənmə yaranarsa, otaq temperaturunda su içmək daha məqsədəuyğundur. Bu əlamətlər təkrarlanarsa, həkimə müraciət edilməlidir.

