Həkim İrene Pinilya orqanizmin sağlam yaşlanmasını dəstəkləyə bilən üç meyvənin adını çəkib. Mütəxəssis avokado, kivi və qaragilənin müntəzəm istehlakını tövsiyə edib.
Denmedia.az İspaniyanın “Deia” nəşrinə istinadən xəbər verir ki, həkimin sözlərinə görə, bu meyvələr orqanizm üçün faydalı qida maddələri ilə zəngindir və yaşlanma prosesinin mənfi təsirlərinin azaldılmasına kömək edə bilər.
Mütəxəssis ilk növbədə avokadonu gündəlik qida rasionuna daxil etməyi məsləhət görüb. Onun sözlərinə görə, avokadonun tərkibindəki faydalı yağlar ürək-damar sisteminin sağlamlığını dəstəkləyir və maddələr mübadiləsinə müsbət təsir göstərir.

Həkimin tövsiyə etdiyi ikinci meyvə kividir. C vitamini ilə zəngin olan kivi immun sisteminin normal fəaliyyətinə və orqanizmin müdafiə mexanizmlərinin güclənməsinə kömək edir.

Üçüncü meyvə isə qaragilədir. Pinilyanın sözlərinə görə, antioksidantlarla zəngin olan qaragilə hüceyrələrin və beynin zədələnmədən qorunmasına, həmçinin orqanizmdə xroniki iltihabın azalmasına müsbət təsir göstərə bilər.

Mütəxəssis əlavə edib ki, qaragilə aşağı kalorili olması və orta səviyyəli qlisemik indeksə malik olması ilə də seçilir.

