ABŞ-da ard-arda baş verən irimiqyaslı texnoloji nasazlıqlar Ağ Ev daxilində də gərginliyə səbəb olub. Ağ Ev Aparatının rəhbəri Stiven Miller daxili təhlükəsizlik naziri Markueyn Mallinə televiziya efirlərinə çıxmağı qadağan edib.
Denmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.
Qərara nazirin “Fox News” telekanalında ölkədə baş verən bəzi texniki nasazlıqların süni intellektlə əlaqəli ola biləcəyini söyləməsi səbəb olub.
Nəşrin məlumatına görə, Miller bu həftə Mallinə televiziya proqramlarında iştirakını dayandırmaq barədə göstəriş verib.
Bundan əvvəl isə nazir bir sıra köməkçilərinin tövsiyələrinə məhəl qoymayaraq Yaxın Şərqin üç ölkəsini əhatə edən səfərə çıxıb.
Bununla belə, Ağ Ev nazirə etimadın davam etdiyini bildirib.
“Prezident əmindir ki, onun administrasiyasının bütün üzvləri Amerika xalqının səs verdiyi siyasi gündəliyi həyata keçirirlər”, – deyə Ağ Evin sözçüsü Loren Bis bildirib.
Qeyd edək ki, son həftələr ABŞ-da bir sıra mühüm texnoloji sistemlərin fəaliyyətində ciddi fasilələr yaranıb. “Microsoft” xidmətlərində texniki xəta səbəbindən nasazlıq qeydə alınıb. Noyabrın 13-də isə naqillərin dəyişdirilməsi zamanı yaranan problem nəticəsində ölkə üzrə hava limanlarında uçuşlar 4 saat yarım müddətinə dayandırılıb.
Texniki problemlər iri bankların fəaliyyətinə də təsir göstərib. “Apple” şirkəti uğursuz proqram yeniləməsindən sonra nasazlıqlar barədə məlumat verib. Daha sonra ABŞ Milli Təhlükəsizlik Agentliyinin yüksək məxfilik dərəcəsinə malik daxili şəbəkəsində də problem yaranıb.

