Meksikanın Sinaloa ştatında “Beltran Leyva” cinayətkar qruplaşmasının lideri, “El Çapo İsidro” ləqəbi ilə tanınan Fausto İsidro Mesa Floresin saxlanılması əməliyyatı qanlı toqquşma ilə nəticələnib. Əməliyyat zamanı 4 hərbçi və 7 silahlı şəxs olmaqla, ümumilikdə 11 nəfər həlak olub.
Denmedia.az xəbər verir ki, bu barədə Meksikanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, cinayətkar qruplaşmanın üzvləri liderlərinin ələ keçirilməsinə mane olmaq üçün təhlükəsizlik qüvvələrinə şiddətli silahlı müqavimət göstəriblər. Qarşıdurma zamanı Meksika ordusunun 4 hərbçisi həyatını itirib, qruplaşmanın 7 üzvü isə öldürülüb.
Əməliyyat nəticəsində cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlardan əsas fiqurant hesab edilən 3 nəfər hərbi nəqliyyat təyyarəsi ilə Mexiko şəhərinə aparılaraq Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğa (FEMDO) təhvil verilib.
Əməliyyat zamanı iriçaplı “Barrett” tüfəngi, müxtəlif çaplı 10 odlu silah, qumbaraatan, 2 əl qumbarası, həmçinin silah daraqları, patronlar, taktiki təchizat, narkotik vasitələr və nağd pul aşkar edilərək götürülüb.
Meksikanın Milli Müdafiə Nazirliyi silahlı qarşıdurma nəticəsində mülki əhali arasında xəsarət alanların olmadığını bildirib.

