Dünyaca məşhur “Bulgari” zərgərlik evinin inkişafında və beynəlxalq lüks brendə çevrilməsində mühüm rol oynayan italiyalı zərgər və iş adamı Paolo Bulqari 89 yaşında vəfat edib.
Denmedia.az “La Repubblica” nəşrinə istinadən xəbər verir ki, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək.
Paolo Bulqari İtaliyanın ən tanınmış zərgərlik sülalələrindən birinin nümayəndəsi idi. Ailə biznesinin əsası XIX əsrin sonlarında yunan əsilli mühacir Sotirio Bulqari tərəfindən qoyulub. Onun açdığı kiçik zərgərlik emalatxanası sonradan dünya şöhrətli brendə çevrilib.
Sotirionun oğulları Corcio və Konstantino ailə biznesini davam etdiriblər. Corcio Bulqarinin üçüncü oğlu olan Paolo 1960-cı illərdə qardaşları ilə birlikdə şirkətin idarəçiliyinə qoşulub. Daha sonra onların bacısı da ailə biznesində fəaliyyətə başlayıb.
1970-ci illərdə “Bulgari” beynəlxalq bazarlara çıxaraq Nyu-York, Paris, Cenevrə və Monte-Karloda butiklər açıb. Brend Roma klassisizmini, yunan mədəniyyətinin təsirlərini və müasir dəbdəbə anlayışını birləşdirən özünəməxsus üslubu ilə tanınıb. Şirkətin adında latın əlifbasındakı “U” hərfinin əvəzinə klassik “V” hərfindən istifadə edilməsi də onun fərqləndirici xüsusiyyətlərindən birinə çevrilib.
1980-ci illərin sonlarında “Bulgari” fəaliyyət sahəsini genişləndirərək saat, aksesuar, ətir və dəri məmulatlarının istehsalına və satışına başlayıb.
2004-cü ildə Paolo Bulqari Françesko Trapani ilə birlikdə “Bulgari” otellər şəbəkəsinin yaradılmasına təşəbbüs göstərib.
2011-ci ildə isə Bulqari ailəsi şirkətin nəzarət səhm paketini Fransanın LVMH qrupuna satıb.

