Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib. Hadisə nəticəsində azı 18 nəfər ölüb, 1000-dən çox insan xəstəxanaya yerləşdirilib.
Denmedia.az ANI agentliyinə istinadən xəbər verir ki, bu barədə ştatın qanunverici orqanının deputatı Keyşam Meqaçandra Sinq məlumat verib.
Onun sözlərinə görə, spirtli içkinin tərkibində olan zəhərli metanol maddəsi insanlarda ağır fəsadlara, o cümlədən böyrəklərin zədələnməsinə səbəb olub.
Zəhərlənənlərin xəstəxanalara yerləşdirilməsi ikinci gündür davam edir. Xəstələr arasında vəziyyəti kritik qiymətləndirilənlərin də olduğu bildirilir.
Ştat hakimiyyəti əhaliyə təcili xəbərdarlıq edərək son günlər mənşəyi şübhəli spirtli içki qəbul edən, yaxud zəhərlənmə əlamətləri hiss edən şəxsləri dərhal tibbi yardım almağa çağırıb.
Sakinlərə özünümüalicə ilə məşğul olmamaq, həmçinin şübhəli içkilərin qablaşdırmalarını və qalıqlarını araşdırma üçün saxlamaq tövsiyə olunub.

