Abşeron rayonunun Masazır qəsəbəsində yük və minik avtomobillərinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları cəlb ediliblər.
Xilasedicilər minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə nəticəsində daha 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan əlavə, qəza zamanı ətrafa dağılan yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq təmizlənib və ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Faktla bağlı araşdırma aparılır.

