BƏƏ-nin Dövlət Təhlükəsizlik Xidməti (SSD) İran və Livanın “Hizbullah”ı tərəfindən maliyyələşdirilən və idarə olunan terror şəbəkəsinin zərərsizləşdirildiyini, üzvlərinin isə həbs edildiyini açıqlayıb. Bu barədə dövlət informasiya agentliyi WAM məlumat yayıb.
Məlumata görə, sözügedən şəbəkə ölkə daxilində saxta kommersiya örtüyü altında fəaliyyət göstərib və milli iqtisadiyyata sızmağa çalışaraq, ölkənin maliyyə sabitliyinə təhlükə yaradan xarici sxemlər həyata keçirməyi planlaşdırıb.
“Dövlət Təhlükəsizlik Xidməti bildirib ki, şəbəkə əvvəlcədən hazırlanmış strateji plan əsasında, “Hizbullah” və İranla əlaqəli xarici tərəflərlə koordinasiyada fəaliyyət göstərib. Bu fəaliyyət iqtisadi və hüquqi normaların pozulması ilə həyata keçirilib və məqsəd pul yuyulması, terrorizmin maliyyələşdirilməsi və milli təhlükəsizliyə təhdid yaratmaq olub”, – deyə açıqlamada qeyd olunub.
Qurum əlavə edib ki, BƏƏ iqtisadiyyatı və mülki institutlarından terror və ya təxribat məqsədləri ilə istifadə cəhdlərinə qarşı sərt və qətiyyətli cavab veriləcək.

