Rusiyanın Ukraynanın Kiyev vilayətinə endirdiyi pilotsuz uçuş aparatı (PUA) zərbələri nəticəsində 3-ü uşaq olmaqla 4 nəfər həyatını itirib.
Ukrayna rəsmilərinin məlumatına görə, paytaxt Kiyev və ətraf ərazilərə hücumlar gün ərzində davam edib. Kiyev meri Vitali Kliçko hücumlar nəticəsində bir nəfərin yaralandığını, PUA qalıqlarının isə şəhərin müxtəlif ərazilərinə düşdüyünü bildirib.
Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, Kiyev vilayətində yaşayış evinə düşən PUA bir ana və onun 3 yaşlı iki övladının ölümünə səbəb olub.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko başqa bir rayonda baş verən hücum zamanı yaralanan azyaşlı qızın da xəstəxanada həyatını itirdiyini bildirib. Beləliklə, hücumlar nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Tkaçenko Kiyev vilayətinin bir sutkadan artıq müddətdə hücumlara məruz qaldığını qeyd edib. Ən ciddi dağıntıların qeydə alındığı Fastivdə 24 müxtəlif ərazidə yaşayış evləri, sənaye və infrastruktur obyektləri, kənd təsərrüfatı müəssisəsinə məxsus sahələr və nəqliyyat vasitələri zərər görüb.
Ümumilikdə, Kiyev vilayətinin 5 rayonunda 31 ərazidə dağıntı qeydə alınıb.
Rusiya qüvvələrinin Sumı və Kramatorsk şəhərlərinə endirdiyi zərbələr nəticəsində daha iki nəfər həyatını itirib.
Rusiya tərəfi Ukrayna rəsmilərinin Kiyev vilayətinə hücumlarla bağlı açıqlamalarına münasibət bildirməyib.
Hücumlar zamanı Ukraynanın qərb qonşusu Moldovanın hava məkanında da PUA aşkarlanıb. Moldova Xarici İşlər Nazirliyi paytaxt Kişinyovun şimalında qeydə alınan hava məkanının pozulması faktını pisləyib.

