Üçqat Avropa çempionu olan norveçli biatlonçu Sivert Bakken ölü tapılarkən üzərində hipoksik maska olub. Bu barədə Norveç Biatlon Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Assosiasiyanın açıqlamasında bildirilir ki, maskanın hansı məqsədlə istifadə edildiyi hələlik məlum deyil
“Cəsəd aşkar edilən zaman Sivert Bakkenin üzərində hipoksik maska var idi. Norveç Biatlon Assosiasiyası bu maskanın necə əldə edildiyini və hansı məqsədlə istifadə olunduğunu hazırda bilmir. Yaxın günlərdə daha dəqiq məlumat əldə etməyə çalışacağıq”.
Sivert Bakken 27 yaşında dünyasını dəyişib. O, İtaliyada yerləşən bir otel otağında ölü tapılıb. Ölüm səbəbi hələ açıqlanmayıb. Bildirilir ki, meyitin yarılmasının nəticələri Avropada Milad bayramlarından sonra məlum olacaq.
Qeyd edək ki, Bakken üçqat Avropa çempionu, həmçinin Dünya Kuboku mərhələsinin qalibi olub. O, sonuncu dəfə 21 dekabrda Fransada keçirilən Dünya Kuboku mərhələsində kütləvi start yarışında iştirak edib və 20-ci yeri tutub.

