Bakıda keçirilən ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir. Yarışın dördüncü günündə kişilər arasında dörddəbir final, qadınlar arasında isə yarımfinal mərhələləri başa çatıb.
Azərbaycan millisinin 19 boksçusu yarımfinala yüksələrək ən azı bürünc medalı təmin edib.
50 kq çəki dərəcəsində dünya çempionu Subhan Məmmədov avstraliyalı Şipsi Laçlanı (5:0) məğlub edib və növbəti mərhələdə gürcü Qoqа Topuriya ilə üz-üzə gələcək. Eyni çəkidə Bilalhəbaşi Nazarov komanda yoldaşı Yusif Sultanov üzərində vaxtından əvvəl qələbə qazanıb; yarımfinalda onun rəqibi Sahil Allahverdi olacaq.
60 kq-da Məhəmmədəli Aşirəliyev Ümid Rüstəmovu (3:2) üstələyib, Məhəmmədəli Qasımzadə isə türkiyəli Tolqa Kayanı (5:0) məğlub edib. Qasımzadə yarımfinalda həmyerlisi Tayfur Əliyevlə qarşılaşacaq. 70 kq-da Sarxan Əliyev rəqibi avstraliyalı Oliver Vilson rinqə çıxmadığı üçün döyüşsüz yarımfinala yüksəlib.
Qadınların yarışında millimizin üzvləri Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) çıxışlarını bürünc medalla başa vurublar. Qadınlar arasında final görüşləri sabah keçiriləcək.
Qeyd edək ki, 10 ölkədən idmançıların qatıldığı beynəlxalq turnir aprelin 7-də başa çatacaq.

