“Qarabağ” futbol klubu 8000 manat məbləğində cərimələnib. Müvafiq qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsi tərəfindən qəbul edilib.
Cəriməyə səbəb Misli Premyer Liqasının XXI turunun təxirə salınmış oyununda “Neftçi” ilə qarşılaşma zamanı baş verən hadisələr olub. Belə ki, Ağdam klubunun azarkeşləri rəqib ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər.
Qeyd olunur ki, bu hal cari mövsümdə artıq beşinci dəfə təkrarlanıb.
Digər tərəfdən, “Neftçi” klubu da cərimədən yan keçməyib. Komanda futbolçularının beşinin sarı vərəqə almasına görə 700 manat cərimə olunub.
Xatırladaq ki, həmin oyunda “Qarabağ” rəqibinə 1:2 hesabı ilə məğlub olub.

