Avstraliyalı qolfçu Cessika Benq 18 yaşında beyin qanamasından vəfat edib. Bu barədə BBC Avstraliya Qadın Peşəkar Qolf Turu Assosiasiyasının açıqlamasına istinadən məlumat yayıb.
İdmançının avqustun 1-də Tailandda turnirə hazırlıq zamanı qəfil vəziyyəti pisləşib. O, təcili olaraq Banqkokdakı xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, təxminən iki həftə reanimasiyada qalan qolfçunun həyatını xilas etmək mümkün olmayıb. O, avqustun 14-də, cümə axşamı günü dünyasını dəyişib.
“WPGA Tour of Australasia-nın bütün iştirakçılarının və bütün Avstraliya qolf ictimaiyyətinin düşüncələri və duaları bu inanılmaz dərəcədə çətin vaxtda Cessikanın ailəsi ilədir”, – deyə təşkilatın açıqlamasında bildirilib.
Benq 2025-ci ilin sonunda peşəkar qolfçu olub. 2026-cı ilin əvvəlində isə karyerasının cəmi beşinci turnirində ilk qələbəsini qazanıb. O, Ford Women’s NSW Open turnirində qalib gəlib.
Onun müalicə xərclərini qarşılamaq üçün GoFundMe platformasında toplanan vəsait Cessikanın valideynlərinə veriləcək.

