Dünya şöhrətli qolfçu Tayger Vudsun ABŞ Prezidenti Donald Trampın keçmiş arvadı Vanessa Tramp ilə münasibətləri ortaya çıxıb.
“Denmedia.az” “People” jurnalına istinadən xəbər verir ki, 50 yaşlı Vuds Vanessa Trampla münasibətləri çərçivəsində onun ailə həyatına tam inteqrasiya olunub.
Məlumata görə, əfsanəvi idmançı Vanessanın uşaqları, xüsusilə də Donald Trampın 18 yaşlı qızı Kai Tramp ilə çox yaxın münasibətdədir. Jurnal yazır ki, Kai hazırda orta məktəbi bitirməyə hazırlaşır və ögey atası hesab olunan Vudsun yolunu davam etdirərək qolfçu və sosial media fenomeni kimi karyera qurmağı hədəfləyir.
Lakin cütlüyün münasibətləri son həftələrdə ciddi sınaqla üzləşib. Belə ki, Tayger Vuds martın 27-də Florida ştatında sərxoş vəziyyətdə avtomobil idarə etmək ittihamı ilə həbs olunub. Bu hadisədən sonra o, Auqustada keçirilən nüfuzlu “Masters” turnirində iştirakdan imtina etmək məcburiyyətində qalıb.
Polis hesabatlarına görə, qəzadan dərhal sonra Vudsun üzərindən güclü ağrıkəsici preparatlar tapılıb. İdmançı özü isə 7 bel və 20-dən çox ayaq əməliyyatı keçirdiyini, bu səbəbdən reseptli dərmanlar qəbul etdiyini bildirib.
Qeyd olunub ki, Vuds saxlanılan zaman polislərə “Prezidentlə (Donald Trampla) danışdığını” deyib. Lakin yaşanan xaosa baxmayaraq, Vanessa Trampın sevgilisini tərk etmədiyi və ona tam dəstək olduğu bildirilib.

