Britaniya banknotlarından keçmiş baş nazir Uinston Çörçill, yazıçı Ceyn Ostin və riyaziyyatçı Alan Türinqin təsvirləri çıxarılacaq.
Bu barədə The Telegraph məlumat yayıb.
Nəşrin yazdığına görə, qərar həmin tarixi şəxsiyyətlərin “elitist” və “mübahisəli” fiqurlar kimi qiymətləndirilməsindən sonra gündəmə gəlib. Bununla belə, Bank of England yeni banknot seriyasında tarixi şəxsiyyətlər əvəzinə Britaniyanın vəhşi təbiətini əks etdirən təsvirlərdən istifadə etməyi planlaşdırır. Yeni dizayn üçün nəzərdən keçirilən variantlar arasında tülkü, delfin, köpəkbalığı, dəniz tutuquşusu və digər yerli canlılar var.
Məlumata görə, banknotlarda təsvir olunan bəzi tarixi abidələr və təbiət obyektləri də tənqid hədəfinə çevrilib. Xüsusilə Viktoriya dövrünə aid tikililərin quldarlıq və müstəmləkəçilik tarixi ilə əlaqələndirildiyi bildirilir.
Bank of England isə dəyişikliyin yalnız bu tənqidlərə görə edilmədiyini, yeni seriyanın həm təhlükəsizlik xüsusiyyətlərinin yenilənməsi, həm də banknotların daha müasir dizaynla hazırlanması məqsədi daşıdığını bildirir. Kralın təsviri banknotların ön tərəfində qalacaq, yekun dizaynla bağlı qərarın isə ilin sonunadək veriləcəyi gözlənilir.

