Dünya bazarlarında etalon markalı neftin qiymətində ucuzlaşma davam edir. Buna Hörmüz boğazının yenidən açılması istiqamətində irəliləyişlə bağlı gözləntilər təsir göstərir.
Bakı vaxtı ilə saat 09:14-də “Brent” markalı neftin oktyabr fyuçersləri Londonun ICE Futures birjasında 2,11% və ya 1,87 dollar ucuzlaşaraq 86,71 dollara düşüb. Çərşənbə axşamı isə “Brent” 3,89% ucuzlaşaraq 88,58 dollar səviyyəsində bağlanıb.
WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti isə həmin vaxt 2,15% azalaraq 80,59 dollar təşkil edib. Əvvəlki sessiyada WTI 3,12% ucuzlaşaraq 82,36 dollara düşmüşdü.
Neft qiymətlərinə əsas təsir edən amil İran və Oman arasında Hörmüz boğazında gəmi hərəkətinin bərpası ilə bağlı danışıqlarda irəliləyiş gözləntiləridir. Tərəflər müvəqqəti birgə naviqasiya dəhlizinin yaradılması və ərazinin minalardan təmizlənməsi məsələsini müzakirə edirlər.

