Bazar ertəsi səhər saatlarında neftin dünya qiymətləri zəif və fərqli istiqamətlərdə dəyişib. Treyderlər diqqəti Yaxın Şərqdən gələn xəbərlərə yönəldiblər.
Moskva vaxtı ilə saat 08:13-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçersləri 10 sent bahalaşaraq 1 barel üçün 88,62 dollara yüksəlib. Ötən cümə günü Brent 1,45 dollar (1,67%) bahalaşaraq 88,52 dollara çatmışdı.
Bu vaxta qədər Nyu-York əmtəə birjasının NYMEX elektron ticarətində WTI markalı neftin sentyabr fyuçersləri 20 sent (0,24%) ucuzlaşaraq 1 barel üçün 82,20 dollara düşüb. Əvvəlki sessiyada isə bu kontrakt 1,15 dollar (1,42%) bahalaşaraq 82,40 dollara çatmışdı.
Ötən həftə ərzində Brent 6%, WTI isə 5,4% bahalaşıb.

